Jeremi Frimponq “Bayer”i tərk edir? – Özü açıqladı

“Bayer”in holland müdafiəçisi Jeremi Frimponq hazırda fikrini Leverkuzen komandası üçün mövsümü yaxşı başa vurmağa cəmləyib.

Arena.az xəbər verir ki, buna rəğmən futbolçu gələn yay harada ola biləcəyini bilmir:

“Mən sadəcə kuboklar qazanmaq istəyirəm. Mən həqiqətən bu mövsümə və Leverkuzenə köklənmişəm. Bəs gələcəkdə nə baş verəcək? Futbolda nə olacağını heç vaxt bilmirsən. “Bayern” növbəti klubum ola bilərmi? “Bayern” əla komandadır, amma mən “Bayer”in oyunçusuyam və orada olmaqdan çox xoşbəxtəm”, deyə Frimponq bildirib.

Xatırladaq ki, Jeremi Frimponq “Mançester Siti”nin yetirməsidir. Ancaq “şəhərlilər”in əsas komandasında debüt imkanı qazanmayıb və U-23 komandasında ikən “Seltik”ə transfer edilib. “Bayer” Frimponqu 2021-ci ilin yanvarında 11 milyon avro məbləğ müqabilində “Seltik”dən öz heyətinə qatıb.

Cari mövsümdə Frimponq “Bayer”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb. O, bu oyunlarda 12 qol vurub, 11 məhsuldar ötürmə ilə bir cinah müdafiəçisi üçün yüksək sayıla biləcək məhsuldarlıqla fərqlənib.

Jeremi Frimponqun qənimətlər muzeyində 2019/2020 mövsümndə “Seltik”lə qazandığı Şotlandiya çempionluğu, Şotlandiya Kuboku və Şotlandiya Liqa Kuboku var.

Frimponq 2023-cü ilin oktyabrında Niderland yığmasının heyətində debüt edib. O, milli komandada 2 matça çıxsa da, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hollandiyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir. “Bayer”dəki uğurlu çıxışı sayəsində Frimponqun adı Avropanın müxtəlif güclü klubları ilə birgə hallanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: