“Fənərbaxça” futbol üzrə Türkiyə Super Kubokunda “Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.
Arena.az xəbər verir ki, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
Buna qədər “Qalatasaray” Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açıb.
“Fənərbaxça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq. Böyük ehtimalla meydanı tərk etdiyi üçün İstanbul klubuna texniki məğlubiyyət veriləcək və “Qalatasaray” Super Kubokun qalibi elan olunacaq.
Xatırladaq ki, “Fənər”in Super Kubok matçında belə bir addım atacağına dair daha öncə mətbuatda xəbərlər vardı. Buna Türkiyə Futbol Federasiyasının (TFF) qarşılaşmanın başqa tarixə keçirilməsinə və Super Kubok matçına əcnəbi hakim dəvət etməməsi səbəb olub. Belə ki, Ali Koçun prezidenti olduğu klub Avropa Konfrans Liqasındakı oyunlarına daha yaxşı hazırlaşmaq üçün TFF-dən “Qalatasaray”la Super Kubok görüşünün sonrakı tarixlərə keçirilməsini tələb etmişdi. Üstəlik, “sarı-lacıvərdlilər” yerli hakimlərin ədalətsiz qərarları səbəbindən derbiyə əcnəbi hakim gətirilməsini tələb etmişdi. Amma TFF İstanbul təmsilçisinin bu tələblərinin yerinə yetirilməyəciyini açıqlamışdı. Nəticədə “Fənər” federasiyaya etiraz əlaməti olaraq Super Kubok matçına klubun U-19 komandasının üzvləri ilə çıxmağa qərar vermişdi.
“Fənərbaxça”nın qəbul etdiyi digər bir radikal qərara görə, komanda qarşıdakı iki mövsümdə (2024/2025 və 2025/2026) Türkiyə Kubokunda iştirak etməyəcək. Klub artıq bununla bağlı rəsmi açıqlama yayıb və TFF-yə də müraciət olunacağını bəyan edib.


