Birinci Liqada son 7 mövsümün rekordu təkrarlandı

Futbol üzrə Azərbaycan çemponatının Birinci Liqasında (I Liqa) son yeddi mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.

Arena.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, 27-ci turda baş verib.

“İrəvan”la “Karvan” arasında baş tutan qarşılaşmada qapılara 11 qol vurulub.

Qonaqların 8:3 hesablı qələbəsi ilə bitən görüş qol sayında mövsümün mütləq rekordudur. Sonuncu belə məhsuldarlıq ötən çempionatda qeydə alınıb. “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz-2” üzərində 6:5 hesabı ilə qələbə qazanmışdı.

Bu iki matç son 7 mövsümdə ən çox qol vurulan qarşılaşmalardır. Daha çox qola sonuncu dəfə 2016/2017 mövsümünün “Səbail” – “Bakılı” qarşılaşmasında təsadüf olunub. Həmin vaxt ümumilikdə 14 qol vurulub. Bu qarşılaşmada meydan sahibləri 11:3 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Birinci Liqada 2023/2024 mövsümünə ötən gün keçirilən oyunlarla yekun vurulub. Çempionluğu bayram edən “Şamaxı” Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: