“Real”ın baş məşqçisi Karlo Ançelotti fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameninin Çempionlar Liqasının finalını buraxacağını deyib.
Arena.az bu barədə nüfuzlu “Marca” nəşrinə istinadən məlumat verir:
“O, finalda meydana çıxmayacaq, Avropa çempionatına qədər diqqətini bərpa etməyə yönəldəcək”, deyə italyan mütəxəssis bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Tçuameni Çempionlar Liqasının yarımfinalında “Bayern”lə cavab oyunundan (2:1) sonra sol ayağından həssas zədə alıb.
“Dayaqçı” AÇ-2024-də oynamaq imkanı əldə etmək üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, Tçuameni Avropa çempionatında iştirak etmək üçün artıq Fransa yığmasının heyətinə dəvət alıb.
Çempionlar Liqasının final oyununda “Real” iyunun 1-də Londonun “Uembli” stadionunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
“Bordo”nun yetirməsi olan Tçuameni “Real”a 2022-ci ilin iyulunda 80 milyon avro müqabilində “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Tçuameni “Real”ın heəytində bütün yarışlarda 38 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Orelyen Tçuameni 2021-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 31 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.
Orelyen Tçuameni “Kral klubu” ilə İspaniya La Liqasını (2023/2024), İspaniya Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2023/2024) qazanıb, həmçinin UEFA Super Kubokunun (2022/2023) və FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı dayaq yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


