Madrid “Real”ının xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını nə zaman bitirəcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az 38 yaşlı futbolçunun bu barədə fikrilərini təqdim edir:
“Nə vaxt təqaüdə çıxacağımı dəqiq deyə bilmərəm. Bu, mənim hisslərimdən asılı olacaq. İndi özümü fiziki cəhətdən o qədər yaxşı hiss edirəm ki, yüksək səviyyədə çıxış etməyə davam edə biləcəyimə tam əminəm. Yaşa baxmaq gərək deyil.
Gələcəyimlə bağlı qərar verilib, amma hələlik bu barədə sizə məlumat verə bilmərəm. Mən həmişə demişəm ki, karyeramı “Real”da bitirmək istəyirəm, həqiqətən də bunu istəyirəm. Bu mənim arzum, bu mənim evim, həyatımın klubudur. Toni Kroos kimi vidalaşmaq istəyirəm”, deyə Modriç vurğulayıb.
Xatırladaq ki, Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən Madrid klubuna keçib. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Lakin təcrübəli oyunçunun daha bir mövsüm bu komandada qalacağına dair ehtimallar yüksək qiymətləndirilir.
Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 45 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 533 oyun, 39 qol, 86 məhsuldar ötürmə.
Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 24 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 174 oyuna çıxıb, 24 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


