“Real”ın baş məşqçisi Karlo Ançelotti ispan mütəxəssis Xavinin “Barselona”dan qovulmasına münasibətini bildirib.
Arena.az AS dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikirləriini təqdim edir:
“Bu, məşqçi işinin bir hissəsidir. Düşünürəm ki, Xavi ilk dəfə işdən çıxarıldığı üçün gördüyü işlərdən azacıq narahatdır, amma zaman keçdikcə bunun, işin bir hissəsi olduğunu anlayacağını düşünürəm. Klubla məşqçi arasında yaxşı münasibət olmayanda ən yaxşısı yollarını ayırmaqdır. Bu, “Napoli”də, “Bayern”də, “Çelsi”də dəfələrlə başıma gəlib. Ayrılmaq daha yaxşıdır və düşünürəm ki, bu, Xavi üçün, bəlkə də “Barselona” üçün yaxşıdır”, deyə Karlo Ançelotti həmkarının üzləşdiyi durumu şərh edib.
Xatırladaq ki, mayın 24-də “Barselona” Xavini istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib. Mütəxəssislərin aqibəti cari mövsümün bitməsilə rəsmiləşəcək – Xavi “Barselona”nı tərk edəcək, Hansi Flik isə vəzifəsinin icrasına başlayacaq.


