Çempionlar Liqasının final oyunu bitdikdən sonra “Real”, “Uembli” və UEFA-nın təhlükəsizlik rəsmiləri arasında qarşıdurma yaşanıb.
Arena.az xatırladır ki, “Real” iyunun 1-də Londonun “Uembli” stadionunda keçirilmiş final oyununda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib.
İspaniya nəhəngi bununla da tarixində 15-ci dəfə Avropanın ən mötəbər klub kubokunu başı üzərinə qaldırıb.
İspaniyanın nüfuzlu “Marca” nəşrinin məlumatına görə, matçdan sonra qalmaqal yaşanıb. Belə ki, UEFA və “Uembli” nümayəndələrinin “Real”ın futbolçularının ailə üzvlərini, həmçinin Madrid klubunun təhlükəsizlik işçilərini meydana buraxmaması səbəbindən onlar arasında fikir ayrılığı yaranıb. Söhbət “Uembli” və UEFA əməkdaşlarının giriş əldə edə bilmədiyi sahələrdən getdiyi vurğulanır.
Münaqişə zamanı üç tərəfin nümayəndələri bir-birini itələyərək, duyğusal şəkildə ifadələr işlədiblər. Amma bir müddət sonra “Real”ın əməkdaşları vəziyyətdən çıxış yolunu tribunaların altında yerləşən tunel vasitəsilə futbolçuların ailə üzvlərini meydana çıxarmaqla tapıblar.
Daha sonra hər şey yoluna düşüb.


