Azərbaycanın 19 və 21 yaşadək futbolçulardan ibarət milli komandaları (U-19 və U-21) bu gün yoxlama oyununda qüvvələrini sınayacaqlar.
Arena.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət yığmamız Moldovada təşkil edilmiş yoldaşlıq turnirində ikinci oyununu keçirəcək. Millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşacaq. Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Xatırladaq ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın 19 yaşlı futbolçulardan ibarət kollektivinə qarşı keçirəcək.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası isə bu gün Slovakiya yığması ilə qarşılaşacaq. Senec Məşq Mərkəzində baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 11-də Bolqarıstan yığması ilə də yoldaşlıq görüşü keçirəcək. Lakin həmin oyun Bakıda baş tutacaq. “Dalğa Arena”da təşkil olunacaq oyuna saat 20:00-da start veriləcək.


