Serbiyanın “Baçka Topola” klubunun xorvat mərkəz müdafiəçisi Yosip Çaluşiç bundan sonra “Konyaspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Azad agent statusuna malik 30 yaşlı futbolçu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Konya klubu bu transfer üçün Serbiya təmsilçisinə heç bir təzminat ödəməyib.
Yosip Çaluşiç 2021-ci ilin iyul ayından “Baçka Topola”da çıxış edirdi. Təcrübəli müdafiəçi Serbiya klubunun heyətində 73 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Çaluşiç daha öncə “Çelye”, “Radnik”, “Lokomotiva”, “Dinamo” (Zaqreb) kimi klubların da formasını geyinib. Xorvatiyanın U-15, U-16, U-19, U-20 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 1,3 milyon avro məbləğində qiymətləndirir.


