Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos futbolçu karyerasını başa vurması münasibətilə yazdığı vida məktubunu paylaşıb.
Arena.az məlumat verir ki, alman futbolçu vida məktubunu özünün sosial şəbəkə hesabı üzərindən dərc edib:
“Bax belə, bax. Ancaq fasilə verməzdən əvvəl, mən son 17 ildə nə baş verdiyini anlamağa çalışmaq istərdim. Məni olduğum kimi qəbul edən hər kəsə təşəkkür etmək fürsətini əldən vermək istəmirəm. Qeyri-şərtsiz dəstəyinə görə dünyadakı bütün pərəstişkarlarıma təşəkkür edirəm. Mənə inamları müqabilində bütün klublarıma və məşqçilərimə təşəkkür edirəm. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, mənə, gərək olduğumu hiss etdirdilər. Nə qədər uğur qazansam da, həmişə mənə münasibətdə dürüst olduqları üçün dostlarıma təşəkkür edirəm. Dost olmuş agentlərimə təşəkkür edirəm. Arzularımı həyata keçirmək üçün mükəmməl hazırlığa görə valideynlərimə təşəkkür edirəm. Qardaşım Feliks Kroosa hər zaman bir nömrəli tərəfdarım olduğu üçün təşəkkür edirəm. Mənim ən böyük ilhamım olduqları üçün övladlarıma təşəkkür edirəm. Uşaqların ataları ilə fəxr etməsindən gözəl bir məqam yoxdur. Sən var olduğun üçün, gözəl həyat yoldaşım Cessika Kroosa təşəkkür edirəm. Heç vaxt dəyişmə. Sən olmasaydın, bu uğur mümkün olmazdı. O bizimdir!
Və sonuncu, amma heç də az əhmiyyət kəsb etməyən: Təşəkkürlər, Futbol! Sən gözəl oyunsan. Və… təşəkkür etməyin! Son”, – Kroosun duyğusal məktubunun mətnində deyilir.
Xatırladaq ki, daha əvvəl Toni Kroos vətəni Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlamışdı.
AÇ-2024-ün 1/4 finalında bundestim İspaniya yığmasına əlavə vaxtda 1:2 (əsas vaxt 1:1) hesabı ilə məğlub olaraq, ev sahibi olduğu AÇ-2024 ilə vidalaşıb. Toni Kroos bütün oyunu meydanda keçirib və bu acı məğlubiyəytlə də futboldan ayrılıb.
Buna qədər isə alman yarımmüdafiəçi “Real”la 2023/2024-cü il Çempionalar Liqasının qalibi olduğu, Dortmund “Borussiya”sı ilə möhtəşəm final oyunundan (2:0) sonra vidalaşmışdı.
2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif etmiş və yenidən bundestimin düşərgəsinə qayıtmışdı.
Toni Kroosun karyerası rəqəmlərin gözü ilə
Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Alman yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib.
2023/2024-cü illər mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.
Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 114 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.


