Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi “albiseleste”nin heyətində karyerasının tezliklə başa çatacağına eyham vurub.
Arena.az “TyC Sports” dərgisinə istinadən məlumat verir ki, “Leo” hazırda ABŞ-da keçirilən 2024-cü il Amerika Kubokundan sonra yığma komanda ilə yollarını ayırmaq fikrindədir:
“Gəlin, milli komanda və bütövlükdə komanda olaraq yaşadıqlarımızdan həzz alaq: finala çıxmaq bizim üçün asan olmadı, biz yenidən çempion adı uğrunda mübarizə apara bilərik. Çətin idi, amma bunu bacardıq.
Bütün bunların sevincini başqaları ilə paylaşıram, böyük həzz alıram və Di Mariya və Otamendi kimi başa düşürəm ki, bunlar son döyüşlərdir”, deyə “Leo” pərəstişkarlarını riqqətə gətirən o son ana eyham vurub.
Cari Amerika Kubokunda Messi 4 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Bu, Argentina yığmasının Amerika Kubokunda ardıcıl 2-ci finalı, Messinin isə Argentina yığmasının heyətində mötəbər yarışlarda yüksəldiyi 8-ci finalıdır.
Xatırladaq ki, Argentina yığması Amerika Kubokunun çempionu qismində cari yarışa qatılıb.
Amerika Kubokunun finalı isə iyulun 14-də baş tutacaq. Həlledici oyunda “albiseleste” Kolumbiya yığması ilə qarşılaşacaq.


