“Araz-Naxçıvan” Kadinyo ilə müqavilə bağladı

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına start verib.

Arena.az xəbər verir ki, ölkə çempionu Kadinyo ləqəbi ilə tanınan braziliyalı Alisson Damaskeno Masiellə anlaşıb.

Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetısu” klubunda çıxış edib. Məlumat üçün qeyd edək ki, bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Quarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/2023-cü il mövsümündə Fransanın “Nantes Metropole” komandasının uğurları üçün tər töküb.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: