İspaniya yığmasının və “Real”ın sağ cinah müdafiəçisi Daniel Karvaxal “Qızıl top”u qazanmaq imkanlarını qiymətləndirib.
Arena.az ESPN portalına istinadən, ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Mən istərdim ki, “Qızıl top”u bir ispan futbolçu qazansın. Futbolumuz çoxdan buna layiqdir. Ümidvaram ki, bu, baş verəcək. Təkcə bu mövsüm qənimətlərə görə deyil, həm də oyunuma görə iddialılar arasında ola bilərdim. Amma indi bu haqda düşünmürəm”, deyə Karvaxal vurğulayıb.
Xatırladaq ki, cari il ərzində Daniel Karvaxal “Real”la İspaniya La Liqasının, İspaniya Super Kubokunun, Çempionlar Liqasının qalibi olub, həmçinin İspaniya yığması ilə 2024-cü il Avropa çempionatını qazanıb.
Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Karvaxal “Real”ın heyətində bütün yarışlarda 41 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Karvaxalın “Real” karyerası ümumilikdə 416 oyun, 13 qol və 64 məhsuldar ötürmədən ibarətdir.
Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 49 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı ispan müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


