Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi 2024-cü il Amerika Kubokunda qələbəsi münasibətilə bəyanat yayıb.
Arena.az məlumat verir ki, argentinalı ulduz özünün sosial şəbəkə hesabı üzərindən paylaşdığı yazıda həmçinin özünün səhhəti ilə bağlı məlumat verib:
“Amerika Kuboku başa çatdı. İlk növbədə ismarışlara və təbriklərə görə hər kəsə təşəkkür etmək istəyirəm. Tanrıya şükürlər olsun ki, yaxşıyam və ümidvaram ki, tezliklə meydana qayıdaraq, ən çox sevdiyim işdən həzz alacağam. Mən çox xoşbəxtəm, xüsusən ona görə ki, məqsədimizə nail olduq. Ən təcrübəlilər bunu, hər oyunda əlindən gələni edən gənclər kimi, xüsusi həyəcanla yaşayırlar. Biz bir komanda və bir ailəyik.
Bizə dəstək olan hər kəsə təşəkkür edirəm, bu komandanın indisi və gələcəyi çoxdur. İrəli, Argentina!” – “Leo” paylaşıb.
Xatırladaq ki, Messi 2024-cü il Amerika Kubokunun Kolumbiya yığmasına qarşı final oyununun (əlavə vaxtda 1:0) 66-cı dəqiqəsində meydanı zədə səbəbilə göz yaşları içində tərk etməyə məcbur olmuşdu.
Əlavə edək ki, Lionel Messi Amerika Kubokunda qələbə münasibətilə Argentina yığmasının bütün futbolçularına “Beats by Dr. Dre” brendinin istehsalı olan qulaqlıqlar hədiyyə edib. Qulaqlıqlar Argentina yığmasının loqosu ilə mavi və ağ rənglərin ahəngində işlənib. Bu hədiyyə barədə məlumatı isə Argentina yığmasının futbolçusu Alexandro Qarnaçonun qardaşı Roberto Qarnaço açıqlayıb.



