Luka Modriç “Real”la yeni müqavilə imzamasına münasibət bildirdi

“Real”ın 38 yaşlı xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç İspaniya klubu ilə müqaviləsinin müddətinin uzatmasından danışıb.

Arena.az xorvat futbolçunun bu barədə fikrini təqdim edir:

“Mənim evim. Mənim klubum. Dünyanın ən yaxşı klubunda oynamağa davam etdiyimə görə şadam”, – Modriç özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Xatırladaq ki, 38 yaşlı yarımmüdafiəçi ilə “Real” arasındakı yeni sözləşmə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə əvvəlki müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Veteran futbolçu geridə qalmış 2023/2024 mövsümündə “Real”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 534 oyun, 39 qol, 86 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 26 qənimətə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 26 qənimətlə Modriç “Real” tarixində ispan mərkəz müdafiəçisi Naço Fernandeslə birliklə ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 178 oyuna çıxıb, 26 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: