Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema hansı komandanı dünyanın ən yaxşısı hesab etdiyini cavablayıb.
Arena.az fransalı ulduzun bu barədə cavabını təqdim edir:
“Real” dünyanın ən yaxşı komandasıdır. Madrid klubu həmişə güclüdür və bütün kuboklar üçün mübarizə aparır. Daha güclü ola biləcək digər bir komanda isə görmürəm”, deyə Benzema vurğulayıb.
Xatırladaq ki, Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Ötən mövsüm Benzema “Əl-İttihad”ın heyətində bütün yarışlarda 29 oyuna 13 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “kral klubu”nda 14 mövsüm keçirib. O, “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.
Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.
“Transfermarkt” internet-portalı 36 yaşlı fransalı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


