Hansi Flik özünü “Barsa”nın əfsanəvi məşqçiləri ilə müqayisə etdi

İspaniyanın “Barselona” komandasının baş məşqçisi, alman mütəxəssis Hansi Flik özünün məşqçilik tərzi ilə bağlı fikrini paylaşıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim oyun tərzim “Barselona”nın Yohan Kroyf və ya “Pep” Qvardiola ilə uğur qazandığı zamankı fikirlərdən o qədər də uzaq deyil. Oyunla bağlı fikrim odur ki, meydanda topla və topsuz özünün nəyə qadir olduğunu nümayiş etdirən fəal komanda olmalıdır”, deyə Flik vurğulayıb.

Xatırladaq ki, “Barselona” bu yay Hans-Diter Fliklə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb.

Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.

Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.

Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.

Həmin mövsüm Flik 6 təqdimat üzrə ən yaxşı məşqçi adını qazanıb. Bura, UEFA-ya görə ilin məşqçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə ilin klub məşqçisi, “World Soccer”ə görə ilin çalışdırıcısı, “Globe Soccer Awards”a görə ilin ən yaxşı məşqçisi, Alman İdman Jurnalistləri Assosiasiyasına görə ilin alman futbol məşqçisi və Bundesliqada ilin məşqçisi təqdimatları üzrə qalibiyyətlər daxildir.

Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.

2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: