“Real”ın baş məşqçisi Karlo Ançelotti ötən mövsümün yekunları üzrə “Qızıl top”u qazanmağa kimin layiq olduğu haqda sualı cavablayıb.
Arena.az “The Obi One” podkastına istinadən, italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Düşünürəm ki, bu, Vinisius olacaq. O, çox istedadlıdır və yaxşı mövsüm keçirib. “Vini” özünü təkmilləşdirməyə açıq oyunçu olaraq qalır. Karvaxal da yaxşı idi və o, Avropa çempionatının da qalibi olub. Bellingem də ötən mövsümü əla keçirən futbolçular sırasındadır. O, La Liqanın ən yaxşı oyunçusu olub.
Rodri həm də fantastik yarımmüdafiəçidir, ən yaxşılardan biridir və o, çox sabitdir”, deyə Ançelotti “Qızıl top”a namizədlərini sıralayıb.
Vurğulayaq ki, Vinisus ötən mövsümün əvvəlini zədə səbəbindən buraxmalı olsa da, geri-dönüşü möhtəşəm olub. Braziliyalı ulduz həlledici oyunlarda böyük söz sahibi olması diqqət çəkib, “Real”ın uğurlu marafonunda əsas rolu üzərinə götürməyi bacarıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 264 oyun, 83 qol, 75 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Vinisiusun dünyanın ən bahalı dörd futbolçusundan biri olması deməkdir.


