“Real”ın baş məşqçisi Karlo Ançelotti “Milan”la yoldaşlıq oyunundan (0:1) sonra “qaymaqlılar”ın yeni hücumçusu Endrikin çıxışından danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Endrik vaxtaşırı öz keyfiyyətlərini nümayiş etdirirdi. Onda xüsusi nəsə var. O, məkanda mütləq sürət əldə etməyə qadirdir, çox bacarıqlıdır. Belə bir oyunçuya çox nadir rast gəlmək olar”, deyə Ançelotti vurğulayıb.
Böyük futbolda 4-cü mövsümünü keçirən 18 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki cari ilin iyulunda 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan heyətinə qatıb. Hələ qışda klublar arasında şifahi transfer razılaşdırılmışdı. Amma futbolçunun 18 yaşı tamam olmadığı üçün müvafiq keçid rəsmən gerçəkləşməmişdi. Artıq rəsmən “Real”a qoşulmuş Endrikin İspaniya nəhəngi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə yeniyetmə istedad 22 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 82 oyun, 21 qol, 4 məhsuldar ötürmə.
Yeniyetmə futbolçu 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.
Endirk həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 10 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


