Sərtan Taşkın “Sumqayıt”da – Rəsmi

Bu yay Türkiyənin “Manisa” komandasından ayrılmış Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın sabiq klubu “Sumqayıt”a qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən klub daha bir futbolçunun keçidini reallaşdırıb. Son mövsümü Türkiyənin “Manisa” klubunda keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalanıb. Milli komandamızın üzvü olan 26 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, 2019/2020 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Sərtan Taşkın, bu komandanın heyətində ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.

Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçmişdi. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Amma tərəflər bu yay qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam vermişdilər.

Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 15 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb. “Manisa” geridə qalmış mövsümdə TFF 1-ci Liqada 40 xalla 12-ci yeri tutub.

Sonradan “Keşlə”yə çevrilən “İnter”in (indiki “Şamaxı”) yetirməsi olan Taşkın “Zirə” və “Turan Tovuz”da da forma geyinib. Sərtan Azərbaycan milli komandasında da 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: