Futbol üzrə Xorvatiya millisinin və “Sassuolo”nun mərkəz müdafiəçisi Martin Erliç bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Bolonya” bu transfer üçün “Sassuolo”ya 7 milyon avro ödəyib. Erliç yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa) qədər müqavilə bağlayıb.
Martin Erliç Xorvatiyanın “Raştane”, “Dinamo” (Zaqreb), “Riyeka” kimi klublarının yetirməsi hesab olunur. 2014-cü ildə “Parma”ya üz tutan mərkəz müdafiəçi cəmi bir il sonra “Sassuolo”ya keçib. O, bu klubda olarkən “Südtirol”, “Spetsiya” kimi klublarda icarədə də olub.
Erliç “Sassuolo”nun əsas komandasının heyətində 88 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
Martin 2022-ci ilin iyun ayında debüt etdiyi Xorvatiya milli komandasının heyətində 9 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. 26 yaşlı xorvat futbolçu daha öncə U-17, U-18 və U-19 yığmalarında da oynayıb.
“Bolonya” niderlandlı hücumçusu Sidney Van Hoydonkla da yollarını ayırıb. 24 yaşlı forvard İtaliyanın digər klubu “Çezena”ya keçib. O, yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
“NAK Breda”nın yetirməsi olan Sidney van Hoydonk 2021-ci ildən formasını geyindiyi “Bolonya”da cəmi 16 oyuna çıxıb və 1 qolla yadda qalıb. O, daha öncə “Herenven”də və “Norviç Siti”də icarədə də olub.
Məşhur Pyer Van Hoydonkun oğlu olan Sidney, Niderlandın U-21 yığmasında oynasa da, əsas milliyə dəvət almayıb.


