Marsel “Olimpik”inin ispan qapıçısı Pau Lopes icarə müqaviləsi əsasında bir mövsüm “Jirona”nın qapısını qoruyacaq.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. İcarə xərcləri isə müqavilə müddətinin sonunda razılaşdırılacaq.
Pau Lopes “Jirona”nın yetirməsidir. Böyük futbolda debütü “Espanyol”ın heyətində baş tutmuş Pau, karyerası ərzində “Tottenhem”, “Betis”, “Roma” və Marsel “Olimpik”ində çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lopes “Olimpik”in heyətində 49 oyuna çıxıb. O, bu oyunlarda 63 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
Pau Lopes 2018-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 2 “quru” oyun keçirib.
Lopes böyük futbolda heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı ispan qapıçının transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


