Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurdu

Futbol üzrə İtaliya çempionu “İnter”in şərəfini qoruyan təcrübəli qapıçı Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bunu 35 yaşlı qapıçının özü açıqlayıb.

O, 12 il formasını geyindiyi yığmadan getməyə qərar verib. Bu yay Almaniyada keçirilmiş Avropa çempionatı (AÇ-2024) Zommerin millidəki son sınağı olub.

İsveçrə Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlama verən Zommer bu qərarını belə əsaslandırıb:

“Mən diqqətlə düşünərək bu qərarı verdim. 12 il ərzində ölkəmi ən yüksək səviyyədə təmsil etmək mənim üçün böyük şərəf idi. Çoxlu unudulmaz anları, qələbələri, qürurla xatırlayacağım həyəcanlı matçları, eləcə də, birlikdə keçdiyimiz çətinlikləri xatırlayacağam.

Dörd dəfə 1/8 finala yüksəldiyimiz və iki dəfə 1/4 finalda oynadığımız dünya və Avropa çempionatlarının final mərhələsində iştirak imkanım olub. Bütün bu xatirələr mənim ürəyimdə xüsusi yer tutur”.

Xatırladaq ki, millidə 2012-ci ilin may ayında debüt etmiş Zommer, bu müddətdə İsveçrə yığmasında 94 matç keçirib və 92 qol buraxıb. Onun hesabında 35 “quru” matç da var.

Yan Zommer “İnter”ə 2023-cü ilin avqustunda 6,75 milyon avro müqabilində “Bayern”dən keçib. İsveçrəli qapıçının “neradzurri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Zommer cari mövsümdə “İnter”in heyətində 1 oyuna çıxıb, 2 qol buraxıb. İsveçrəli qolkiperin “İnter” karyerası bütövlükdə 44 oyun, 25 buraxılmış qol və 25 “quru” matçdan ibarətdir.

Zommer “İnter”dən öncə “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Bazel”, “Vaduts”, “Qrasshopper” kimi klubların da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 35 yaşlı Yan Zommeri 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: