Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone portuqal hücumçu Joau Feliksin “döşəkçilər”in düşərgəsini tərk edəcəyini təsdiqləyib.
Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, argentinalı mütəxəssisin bu barədə məlumatını təqdim edir:
“Feliks bu gün komandanı tərk edəcəkmi? Tezliklə hər şeyi biləcəksiniz, söhbət transferdən gedir”, deyə Dieqo Simeone bildirib.
Xatırladaq ki, Feliksin xidmətində “Çelsi” maraqlıdır. İngiltərə klubunun tezliklə sabiq oyunçusunun transferini elan etməsi gözlənilir.
Joao Feliks “Portu”nun yetirməsidir. Futbolçu 2015-ci ildə “Benfika”ya üz tutub. Feliks peşəkar karyerasına da məhz “əjdahalar”la başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro məbləğ ödəməklə Feliksi öz heyətinə qatıb.
Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Feliks icarədə olduğu “Barselona”nın heyətində uğurla çıxış edib. Portuqal futbolçu “blauqrana”nın heyətində bütün yarışlarda 44 oyun keçirib, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Feliks 2022/2023-cü illər mövsümündə də “Çelsi”də icarədə oynayıb. O, London klubunun heyətində 20 oyuna 4 qol vurub.
Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığma komandasında 41 oyun keçirib. Hücumçu millinin heyətində 8 qol vurub, 4 məhsuldar ötürmə verib. O, Portuqaliya yığmasıyla UEFA Millətlər Liqasını (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı Joao Feliksin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


