Ronaldo Portuqaliya millisinin AÇ-2024-dəki çıxışını qiymətləndirdi

“Əl-Nəsr” və Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo millinin 2024-cü il Avropa çempionatındakı çıxışını qiymətləndirib.

Arena.az “A Bola” dərgisinə istinadən, portuqal ulduzun bu barədə fikrini təqdim edir:

“Nəticə istədiyimiz kimi olmadı. Portuqaliya yığması çempionluğu hədəfləmişdi. Yarış bizim üçün orta səviyyədə keçdi. Biz bu çıxışdan dərsimizi aldıq. Biz inanmalıyıq ki, komanda növbəti böyük yarışlarda daha uğurlu çıxış edəcək”, deyə kapitan vurğulayıb.

Xatırladaq ki, Portuqaliya yığması Almaniyada keçirilmiş AÇ-2024-ün final mərhələsində mübarizəyə Çexiya, Türkiyə və Gürcüstan komandalarının yer aldığı “F” qrupunda başlayıb.

Portuqaliya yığması Çexiya üzərində son dəqiqə qolu ilə 2:1 hesablı əzmkar çətin qələbənin ardından, Türkiyə millisini 3:0 hesabı ilə məğlub edib. Qrup mərhələsinin sonuncu oyununda isə Portuqaliya yığması Gürcüstan millisinə 0:2 hesabı ilə gözlənilmədən məğlub olsa da, 6 xalla qrup birincisi olaraq ələmə mərhələsinə yüksəlib. 1/8 final mərhələsində Portuqalya yığması əsas və əlavə vaxtı “quru” hesabla başa çatmış oyunun penaltilər silsiləsində Sloveniyaya 3:0 hesabı ilə qalib gələ bilib. 1/4 finala yüksəlmiş Portuqaliya yığması burada Fransaya məğlub olub. “Xoruzlar” əsas və əlavə vaxtı 0:0 tamamlanmış oyunun penaltilər silsiləsində 5:3 hesablı qələbəyə seviniblər.

Kristiano Ronaldo isə AÇ-2024-də keçirdiyi 5 oyunda elə də parlaq oyunla yadda qalmayıb. O, icra edilmiş 2 oyunsonrası penalti və 1 məhsuldar ötürmə ilə yadda qalıb və bir qol belə vura bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: