İspaniya La Liqasının 3-cü turunda “Rayo Valeykano” ilə səfər oyunu “Barselona”nın ispan yarımmüdafiəçisi Daniel Olmo üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Olmo “blauqrana”nın heyətində debüt edib və komandasının 2:1 hesablı əzmkar çətin qələbəsinə həlledici qolu vurmaqla töhfəsini verib.
Oyundan sonra Olmo çıxışını şərh edib:
“Mən qolumu ailəmə həsr etmək istəyirəm. Debüt etmək üçün daha yaxşı üsul yoxdur. Özümü çox yaxşı hiss edirəm. Oynamağa hazır idim və neçə gün idi ki, bu anı gözləyirdim.
Mən həmişə qol vurmağa və ya fürsət yaratmağa çalışıram. Mən hücumameyilli oyunçuyam, məşqçi məni hara təyin etsə, oynaya bilirəm. Transfer edildiyim andan debütümü səbirsizliklə gözləyirdim. Meydanda özümü fiziki cəhətdən çox yaxşı hiss edirdim. Uzun illərdir ki, bu stadionda qələbə qazana bilmirdik və biz çox şadıq”, – “Barça Universal” dərgisi Olmodan sitat gətirir.
“Olmo oyunun ikinci hissəsində fərq yaratdı”
Həmçinin “Barsleona”nın baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flik də Daniel Olmonun çıxışına qiymət verib:
“İkinci hissənin əvvəlində yaxşı görünürdük. Bunun əsas səbəbi meydana daxil olmuş Dani Olmodur. Topla çox yaxşı davranır, topsuz isə təpki edir. Oyunun ikinci hissəsində fərq yaratdı”, – “Infobae” dərisi Flikdən sitat gətirir.
Daniel Olmo futbola “Espanyol”da qədəm qoyub, buradan “Barselona”nın futbol akademiyasına yol tapıb. “Blauqara”nın akademiyasından Olmo Zaqreb “Dinamo”suna keçib. Burada püxtələşmiş ispan futbolçunu isə “Leypsiq” satın alıb.
“Barselona” Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Daniel Olmo “Leypsiq”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Olmonun “öküzlər”in heyətində çxışının ümumi mənzərəsi isə belədir: 148 oyun, 29 qol, 34 məhsuldar ötürmə.
Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


