Lukas Melano “Neftçi”yə lazım olmadı

“Neftçi” ilə argentinalı hücumçu Lukas Melano arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

“Neftçi” argentinalı hücumçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirib. Onun “ağ-qaralar”la 2025-ci ilin 30 iyununa kimi müqaviləsi mövcud idi.

Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub. Melanonun “Neftçi”dən öncəki sonuncu klubu isə “Atletiko Sarmiento” olmuşdu.

“Neftçi” bu yay Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber, İvan Brkiç, Dieqo Valdes və Fərid Yusifli ilə də yollarını ayırmışdı. İsmayıl Zülfüqarlı isə yeni müqavilə imzaladıqdan sonra “Turan Tovuz”a icarəyə göndərilib.

Gedənlərin əvəzində paytaxt klubu Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Robert Bauer (“Əl-Tai”, Səudiyyə Ərəbistanı), Andrey Ştoqrin (“Çernomorets”, Ukrayna), Rüstəm Samiqullin (“Sabah”, icarə), Rafael Quzzo (“Şaveş”, Portuqaliya), Mustafa Sek (“Portimonense”, Portuqaliya) və Dembo Darbo (“Əl-Nəsr”, BƏƏ) ilə güclənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: