Belçikanın “Gent” klubunun sol vingeri Matias Fernandes-Pardo bundan sonra “Lill” komandasının uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
Liqa 1 təmsilçisi 19 yaşlı futbolçunu 10 milyon avro müqabilində heyətinə qatıb. Belçikalı vingerlə 5 illik müqavilə imzalanıb.
Matias Fernandes-Pardo “Gent”in öz yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 28 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə verib. Belçikanın U-15, U-18 və U-19 yığmalarında oynamış Matiasın bundan sonra U-21-də çıxış etməsi gözlənilir.
“Lill” İtaliyanın “Atalanta” klubunun sol cinah müdafiəçisi Mitçel Bakkeri də heyətinə qatıb. Fransa klubu 24 yaşlı niderlandlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.
“Ayaks”ın yetirməsi olan Mitçel Bakker karyerası ərzində PSJ, “Bayer” kimi klubların da şərəfini qoruyun. O, 2023-cü ildə cəlb olunduğu “Atalanta”da 22 oyuna 1 qolla yadda qalıb. Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçuya əsas millidə şans verilməyib.
“Lill” dayaq yarımmüdafiəçisi İqnasio Miramonu isə “Boka Xuniors”a icarəyə verib. Argentina klubu 21 yaşlı futbolçunu 2025-ci ilin 31 dekabrına qədər satınalma şərti ilə icarəyə götürüb.
“Ximnasiya”nın yetirməsi olan İqnasio Miramon “Lill”ə 2023-cü ilin avqustunda 4 milyon avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində cəmi 4 oyun keçirib. Bir sözlə, Argentinanın U-20 yığmasında oynamış Miramonun Avropa karyerası ilk cəhddə uğursuz alınıb.
Mitçel Bakkeri “Lill”ə icarəyə vermiş “Atalanta” dayaq yarımmüdafiəçisi Leonardo Mendiçinonu da “Çezena”ya icarəyə verib. 18 yaşlı italiyalı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. “Atalanta”nın öz yetirməsi olan Mendiçino əsas komandada 2 oyun keçirib.
Viktor Kovalenko “Atalanta”dan getdi
“Atalanta”nın hücumameyilli yarımmüdafiəçisi Viktor Kovalenko isə İtaliya klubundan birdəfəlik ayrılıb. Hazırda azad agent statusuna malik olan ukraynalı 28 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir.
Viktor Kovalenko 2021-ci ilin fevralından “Atalanta”da çıxış edirdi. Amma o, bu komandada cəmi 1 matç keçirib. Əsas heyət üzvünə çevrilə bilmədiyi üçün ukraynalı yarımmüdafiəçi “Spetsiya” və “Empoli”də icarədə oynamaq məcburiyyətində qalıb. O, daha öncə uzun illər yetirməsi olduğu Donetsk “Şaxtyor”unda forma geyinib. Kovalenko Ukrayna yığmasının heyətində 33 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.


