Ruslan Nurullayev dünya üçüncüsü oldu

Ruslan Nurullayev İspaniyada 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Tural Əhmədov (60 kq) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Ruslan Nurullayev (72 kq) isə 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Bu görüşdə əsas hadisələr ilk hissədə baş edib. Fasiləyə həmyerlimiz minimal fərqlə (6:5) öndə yollanıb. İkinci hissədə hesab dəyişməyib və Ruslan dünya üçüncüsü olub.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz bu mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Xatırladaq ki, dünən Cocu Səmədov (87 kq) dünya ikincisi olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: