UEFA Millətlər Liqasında Şotlandiya yığması ilə oyun Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, yarışın A Liqasının 1-ci qrupunun 2-ci turu çərçivəsində baş tutan ev oyununda Ronaldo Portuqaliya yığmasının qələbə qolunun (2:1) müəllifi olub.
Bu, Ronaldonun futbolçu karyerası ərzində 901-ci qoludur. Beləliklə, Ronaldo şəxsi rekordunu bir daha yeniləmiş olub. Həmçinin bu qol Ronaldonun Şotlandiya yığmasının qapısına ilk dəfə yol tapması ilə əlamətdardır. Beləliklə portuqal ulduz artıq 48-ci ölkənin milli komandasının qapısını dəlib ki, bu da öz növbəsində mütləq rekorddur.
Ronaldonun vurduğu qollardan ən çox əziyyət çəkmiş kollektiv isə Lüksemburq yığmasıdır. “Kriş” “qırmızı şirlər”in qapısına 11 dəfə yol tapıb. 39 yaşlı portuqal hücumçunun “sevimli” üçlüyünə hərəsinə yeddi qol vurduğu İsveç və Litva yığmaları da daxildir.
Ümumilikdə, Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 213 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ronaldo futbol tarixində rəsmi oyunlarda 901 qol vurmuş ilk futbolçudur. Ulduz hücumçu Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqalia yığmasında isə 132 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.


