Futbol üzrə Kamerun millisinin və Türkiyənin “Beşiktaş” klubunun hücumçusu Vensan Abubakar “qara qartallar”la yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçu “Hatayspor”a keçib. O, yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
“Beşiktaş” hücumçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. İstanbul nəhəngi Abubakarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi üçün, Hatay klubu bu keçidə görə əlavə xərcə düşməyib.
Xatırladaq ki, Vensan Abubakar 2023-cü ilin yanvar ayından “Beşiktaş”da forma geyinirdi. 31 yaşlı forvard əvvəllər də (2020-ci ilin sentyabrından 2021-ci ilin iyulunadək) bu komandada çıxış edib. Kamerunlu futbolçu İstanbul təmsilçisinin heyətində bütövlükdə 117 matça çıxıb, 60 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. O, “Əl-Nəsr”, “Portu”, “Koton Sport”, “Valensyen” və “Loryan” kimi klubların da formasını geyinib.
Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 101 oyun keçirib, 40 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.


