Andrey Luninin “Real”dakı yeni maaşı məlum oldu

“Real”ın qapıçısı Andrey Luninin “qaymaqlılar”la müqaviləsinin müddətini 2030-cu ilə qədər uzaddıqdan sonra maaşı da artıb.

Arena.az xəbər verir ki, əvvəllər 25 yaşlı ukraynalı qapıçı ildə 2,5 milyon avro məbləğində qazanırdı.

Bu mövsümdən isə o, ilinə 4,5 milyon avro məbləğində maaş alacaq. Bu, “Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtuanın aldığı maaşın – 9 milyon avro məbləğin tam yarısıdır.

Xatırladaq ki, tərəflər arasında müqavilənin müddətinin uzadılması ilə bağlı sentyabrın 13-də rəsmən məlumat verilib. Ukraynalı qapıçının İspaniya nəhəngi ilə müqaviləsinin müddəti bir ildən sonra – 2025-ci ilin yayında başa çatacaqdı.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro məbləğ müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Bu mövsüm isə o, hələ debüt etməyib. Luninin “Real” karyerası ümumilikdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” oyundan ibarətdir.

Andrey Luninin qənimətlər muzeyində olan bütün qənimətlər ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku (2 dəfə), FIFA Klub Dünya Kuboku daxildir.

Andrey Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçı Andrey Luninin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: