Vinisius Junioru təhqir etmiş azarkeş bir illik həbsə məhkum edildi

İspaniya məhkəməsi “Real”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Junioru irqizəmində təhqir etmiş azarkeşə hökm oxuyub.

Arena.az “Real”ın rəsmi saytına istinadən məlumat verir ki, xuliqan bir illik müddətə şərti həbs cəzasına məhkum edilib.

Bundan başqa, müttəhimin İspaniya futbol stadionlarına girişinə 3 il müddətinə qadağa qoyulub.

Xatırladaq ki, bu azarkeş Vinisius Junioru 2022/2023-cü illər mövsümü İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Real”ın Malyorka”nı 1:0 hesabı ilə məğlub etdiyi səfər oyununda irqi zəmində təhqir etmişdi.

Həbs cəzasının şərti olmasının səbəbi isə müttəhimin “Vini”yə ünvanladığı məktubda, etdiyi qələtə görə braziliyalı futbolçudan dönə-dönə üzr istəməsi və eyni zamanda tövbə etməsi ilə əlaqədar olduğu vurğulanır.

Bundan əlavə, “Malyorka”nın bu qanacaqsız azarkeşi “ağıllanmaq” məqsədilə bərabər rəftar və ünsiyyət və ayrı-seçkiliyə qarşı proqramda iştiraka mükəlləf edilib.

Əlavə edək ki, adı açıqlanmayan bu azarkeşin “Vilyarreal”ın keçmiş cinah hücumçusu Samuel Çukvezeyə qarşı da irqçi ifadələr işlətdiyi bildirilir.

Öz növbəsində, İspaniya La Liqasının prezidenti Xavyer Tebas bu hadisə ilə bağlı, özünün “X” sosial şəbəkə hesabı üzərindən mövqeyini açıqlayıb:

“Bu, futbolumuzdan nifrətin aradan qaldırılması üçün son bir neçə ildə gördüyümüz işin nəticəsidir. Və biz bu işi davam etdirəcəyik. Stadionlarda irqçi şüarlar və qışqırtılar cinayət məsuliyyətindən kənarda qalmayacaq”, – Tebas vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: