Mahir Emreli üçün 72 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının8-ci turu çərçivəsində baş tutan “Proyssen Münster”lə matçın iştirakçısı olub.

Nürnberqlilər doğma meydanda baş tutan bu oyunda 3:2 hesablı qələbəyə seviniblər. Mahir start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə, hesab 2:2 olarkən əvəzlənib.

“Nürnberq” 8 oyuna topladığı 10 xalla hazırda 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 3 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını oktyabrın 20-də səfərdə “Nürnberq”ə qarşı keçirəcək.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 3 rəsmi matça çıxıb, fərqlənə bilməyib.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 46 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: