Türkiyənin “Fənərbaxça” klubunda ümidləri doğrulda bilməyən ingiltərəli vinger Rayan Kent İstanbul təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Rayan Kent 2023-cü ilin yayında Şotlandiyanın “Reyncers” klubundan azad agent kimi ayrılaraq “Fənərbaxça” ilə 4 illik müqavilə bağlamışdı. Sol cinah vingerinin İstanbul təmsilçisi ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi vardı.
Kent “Fənərbaxça”nın heyətində cəmi 19 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu ilin yayında Joze Mourinyonun baş məşqçi təyin edilməsindən sonra ümumiyyətlə forma şansı qazana bilməyən Rayan, cari mövsümdə cəmi 1 oyuna çıxıb.
Rayan Keny daha öncə “Reyncers”dən başqa “Barnsli”, “Koventri Siti”, “Bristol Siti”, “Frayburq” və “Liverpul”da da oynayıb. O, İngiltərənin U-18 və U-20 yığmalarının şərəfini qorusa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 2,7 milyon avro məbləğində qiymətləndirir.


