“Komo”nun fransalı keçmiş mərkəz müdafiəçisi Rafael Varan İtaliya klubunun idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.
Arena.az məlumbat verir ki, bu barədə “Komo”nun mətbuat xidməti klubun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən bəyanat yayıb:
“Bu yaxınlarda peşəkar futbolda oyunçu karyerasına xitam vermiş Rafael Varan kluba öz təcrübəsini və aparıcı keyfiyyətlərini gətirəcək. Bu, onun karyerasının növbəti fəslinin futbol meydanından kənarda bir təzahürünü vəd edir.
Varan “Komo”nun gənclərin inkişafı istiqamətində səylərini dəstəkləmək məqsədilə, inkişaf şöbəsinin rəhbəri Ouşen Roberts və maarif proqramının rəhbəri Jülyet Bolon ilə əməkdaşlıq edəcək.
Onun iştirakı təkcə oyunçulara deyil, bütövlükdə bütün cəmiyyətə fayda verəcək. Akademik, aparıcı və peşəkar inkişafı gənclər proqramlarına əlaqələndirərək, Varan gənc idmançılara futboldankənar həyata hazırlaşmağa kömək etməyə çalışır”, – “Komo”nun rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, Rafael Varan cari ilin sentyabr ayının sonunda futbolçu karyerasına 31 yaşında xitam verdiyini ictimaiyyətə rəsmən açıqlayıb.
Rafael Varan futbola “Hellemyes” klubunda qədəm qoyub, buradan “Lans”a yol taparaq böyük futbolda debüt edib. “Lans”da oyunu ilə diqqət çəkmiş fransalı müdafiəçini “Real” 2011-ci ilin iyulunda öz heyətinə qatıb. 2021-ci ilin iyulunda isə “Mançester Yunayted” Varanı “qaymaqlılar”dan satın alıb. Cari ilin iyulunda “Komo”ya keçmiş Varan məlum zədəsindən sonra butslarını asılqandan asmağa qərar verib.
Futbolçu karyerası ərzində Varan klub səviyyəsində yaşıl meydanlarda 480 oyun keçirib, 21 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Rafael Varanın qənimətlər muzeyində “Real”la İspaniya La Liqası (3 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (3 dəfə), Çempionlar Liqası (4 dəfə), UEFA Super Kuboku (3 dəfə), FIFA Klub Dünya Kuboku (4 dəfə) və “Mançester Yunayted”lə İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku var. Fransa yığması ilə Varan DÇ-2018-in və UEFA Millətlər Liqasının (2021) qalibi olub.


