“Roma” azarkeşləri baş məşqçisiz qalmış “canavarlar”ın sükanı arxasına italyan mütəxəssis Daniele De Rossinin qaytarılmasını istəyirlər.
Arena.az bu barədə “Roma”ya yaxın olan italyan jurnalist Canluka Di Karloya istinadən məlumat verir:
“Roma”nın baş məşqçisi ilə bağlı heç bir anlayış yoxdur, azarkeşlər isə Daniele de Rossinin qayıtmasını istəyirlər, amma o, indi buna razı olmayacaq. Çoxları Roberto Mançini haqqında danışır, amma mən buna inanmıram. Düşünürəm ki, rəhbərlik hamını təəccübləndirəcək”, deyə Di Karlo vurğulayıb.
Xatırladaq ki, hazırda “Roma”nın “papağı boş qalıb” – yəni “canavarlar”ın başında duracaq baş məşqçi yoxdur. Əvvəlki baş məşqçi, xorvat mütəxəssis İvan Yuriç iki ay belə, vəzifəsində duruş gətirə bilməyib. Daniele De Rossinin yerinə gətirilmiş xorvat mütəxəssis noyabrın 10-da “canavarlar”ın uğursuz çıxışları və zəif nəticələrinə görə paytaxtdan qovulub.
İtaliya A Seriyasının 12 turundan sonra “Roma” yarış cədvəlində 13 xalla 12-ci pillədə qərarlaşıb. Mövsümə böyük iddia ilə başlamış “Roma”nın əzəli rəqibi “Latsio”nun çempionluğa iddiaları mənzərəsində, bərbad çıxışı, “canavarlar”ın azarkeşlərini qıcıqlandırır. “Roma” azarkeşlərinin, klubdan əsassız qovulduğu qənaətində olduqları De Rossinin geri qaytarılması da buradan qaynaqlanır.
Xatırladaq ki, “Roma”nın De Rossini istefaya göndərməsi də birmənalı qarşılanmamışdı. Belə ki, “canavarlar”ı uğurla çalışdıran italyan mütəxəssis azacıq çətinliklər zolağına düşməsi mənzərəsndə güzəştsizcəsinə istefaya göndərilmişdi. Sentyabrın 18-də “Roma” Daniele De Rossini “canavarlar”ın sükanı arxasından istefaya göndərdiyi rəsmən açıqlanmış və bu xəbər paytaxt təmsilçisinin azarkeşləri arasında böyük əks-səda doğurmuşdu.
De Rossi “canavarlar”ın sükanı arxasında cari ilin yanvarın 16-da gözlənilmədən istefaya göndərilmiş portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi. De Rossinin “Roma”nın sükanı arxasında fəaliyyəti 30 oyun, 14 qələbə, 9 heç-heçə və 7 məğlubiyyətdən ibarətdir.
Daniele De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.
“Roma” azarkeşləri De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.


