Karlo Ançelotti “Liverpul”a məğlubiyyətə aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Liverpul”a səfər məğlubiyyətini (0:2) şərh edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu çətin bir oyun idi və bu, əvvəldən bəlli idi. Bu, Avropanın ən çətin stadionudur, çünki onların böyük hərəkiliyi var. Biz döyüşdük, biz vuruşduq. Penaltilərə qədər oyunda qaldıq, sonra səviyyəni bir qədər aşağı saldıq. Birinci hissədə yaxşı müdafiə olunduq, amma iki-üç fürsətimiz olduğu üçün əks-hücumlar üzərindən daha yaxşı çıxış edə bilərdik.

Komandanı bəyəndim, çünki Avropanın ən çətin rəqibinə qarşı yaxşı mübarizə apardıq. Nəticə ədalətlidir, tezlik və hərəkilik baxımından onlar qələbəyə layiq idilər, biz isə ləyaqətlə mübarizə apardıq”, deyə Ançelotti vurğulayıb.

İtalyan mütəxəssis həmçinin oyunun açar məqamı olan, “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin 65-ci dəqiqədə penaltini qaçırması ilə hesabı bərabərləşdirmək fürsətini əldən verdiyi məqamla bağlı fikrini bildirib:

“Belə bir səhv – özünə inamsızlıqdan qaynaqlanır. Bəzən işlərin yaxşı getmədiyi bir məqamınız olduqda, fikir sadə oynamaqdan ibarətdir, siz isə hər şeyi bir az daha mürəkkəbləşdirə bilərsiniz. O, çox penaltilər vurub. Bəzən birini gerçəkləşdirməyə də bilərsiniz. Ona işləmək, mübarizəni davam etdirmək gərəkdir və müvafiq məqam ötüb keçəcək.

Hücumçulara mütəmadi surətdə qol vurmağın çətin olduğu vaxtlar olur. Bunun əlacı var – səbr”, – ESPN şəbəkəsi Ançelottinin oyunssonrası mətbuat konfransında səsləndirdiyi fikirdən sitat gətirir.

Ançelottidən Mbappeyə dəstək

Karlo Ançelotti həmçinin Mbappeyə dəstək nümayiş etdirib: “Mbappe hamı kimi mübarizə apardı və döyüşdü. Çox şey onun üçün alınmadı, penaltini vura bilmədi və bu, onun üçün çətin məqam olacaq, amma ona hamıdan dəstək var. O, bunun öhdəsindən gəlməlidir və tezliklə bu çətin dövrü də keçəcək. Belə bir oyunda oyunçu penaltini qaçırdıqda məyus olması təbiidir, amma biz irəliyə baxmalıyıq”, deyə italyan mütəxəssis vurğulayıb.

Karlo Ançelotti həmçinin verdiyi vədlə diqqət çəkib:

“Mənə komandamın çıxışı xoş gəldi, çünki yaxşı mübarizə apardıq. Bu, vəziyyəti dəyişmir, çünki qalib gəlsək belə… ilk səkkizliyə düşmək çətin olacaq. Növbəti tura vəsiqə qazanırıq və hər il olduğu kimi yarışacağıq. Hər şeyi özünüz görəcəksiniz”.

5 turdan sonra “Real” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 24-cü pillədə qərarlaşıb.

Vurğulayaq ki, bu pillə yarışın ələmə mərhələsinin baş-başa oyunlarına vəsiqə verən sonuncu pillədir. Bərbad çıxışına davam edəcəyi halda, “Real” Çempionlar Liqasında iştirakına xitam vermiş olacaq.

“Liverpul” isə 15 xalla yarış cədvəlinin mütləq lideridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: