İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti komandanın futbolçuları üçün AÇ-2024-də çıxış müddətində bəzi sərt qaydalar tətbiq edib.
Arena.az bu barədə “Corriere dello sport” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, italyan mütəxəssis komandada mobil telefonlardan istifadəyə məhdudiyyət tətbiq edib: bu əlaqə vasitələrindən yalnız nahar və şam yeməyindən əvvəl istifadə etmək olar, masaj masasında və ya görüşlər zamanı mobil telefonlardan istifadə etmək olmaz. Spalletti komanda üzvlərinə qulaqcıqdan istifadəni də tamamilə qadağan edib. Baş məşqçi “Sony PlayStation” oynamağa icazə verib, amma yalnız oyun otağında və gecə yarısından gec olmayaraq. Həmçinin Spalletti “skuadra adzurra”nın düşərgəsində gülüş və zarafatın yerini bilməyi tələb olaraq müəyyənləşdirib: şitlik etmək, at kimi kişnəmək və s. bu qəbildən olan diqqətçəkən məqamlar komandanın diqqətini yayındırmamalıdır.
Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək. Bu gün, iyunun 14-də başlayacaq qitə birinciliyi düz bir ay – iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.
İtaliya millisi qitə birinciliyində İspaniya, Xorvatiya və Albaniya yığmalarının yer aldığı “B” qrupunda mübarizə aparacaq.


