UEFA tərəfindən təsdiq edilmiş turnir reqlamentində komandaların 2024-cü il Avropa çempionatı (AÇ-2024) üçün oyunçu sayı 23-ə endirilib.
Arena.az “Sky Sports” nəşrinə istinadən məlumat verir ki, indi federasiyalar əvvəlki kimi, məhz 23 futbolçunun xidmətindən istifadə edəcəklər.
Əvvəllər, 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatında (AÇ-2020) və 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında yığma komandalar 26 futbolçu ilə çıxış ediblər. Bu, koronavirusla bağlı yarana biləcək fəsadların təzminatı üçün nəzərdə tutulmuşdu.
Beləliklə, indi yığma komandaların məşqçiləri qarşıdakı Avropa çempionatının oyunları üçün iştirak ərizəsinə 23 futbolçunu – 3 qapıçı və 20 meydan oyunçusunu daxil edə biləcəklər.
Xatırladaq ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Oyunları turnirin təşkilatçısı Almaniyanın 10 şəhəri – paytaxt Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen və Ştutqart qəbul edəcək.


