Adolf Hütter “Monako”dan qovuldu

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Monako” komandasının baş məşqçisi Adolf Hütter istefaya göndərilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Avstriyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Hütterin bu klubla müddəti 2027-ci ilin 30 iyununa kimi qüvvədə olan müqaviləsi var idi.

Xatırladaq ki, Adolf Hütter 2023-cü ilin iyul ayından “Monako”ya rəhbərlik edirdi. 54 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 93 oyuna çıxarıb, 49 qələbə, 18 heç-heçə, 26 məğlubiyyət görüb.

Adolf Hütterin komandası cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindəydi. Knyazlıq təmsilçisi Liqa 1 çərçivəsində keçirdiyi 7 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. 13 xalı olan “Monako” yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Adi Hütter daha öncə Almaniyanın “Borussiya” (Mönhenqladbax), “Ayntraxt” (Frankfurt), İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq”, “Altax” və “Qrödiq” komandalarında da baş məşqçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: