Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müakirələrdən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
MOİK – “Səbail” oyununda təcili tibbi yardım maşını matçın başlamasına təyin olunan vaxtdan gec gəlib. Buna görə matça ev sahibliyi edən MOİK klubu 1600 manat cərimə edilib. Matçda xərəkdaşıyanlarla da bağlı normalara əməl olunmayıb. MOİK klubuna buna görə xəbərdarlıq edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün sözügedən klub 800 manat cərimə edilib. “Şamaxı”nın oyunçusu Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, buna görə 1 oyunluq cəzalandırılıb, “Şamaxı” klubu isə 200 manat cərimə edilib.
Matç başa çatdıqdan sonra “Şamaxı”nın məşqçisi Cavid Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. Buna görə o, kubok oyunlarından 6 oyun kənarlaşdırılıb, klubu isə 4800 manat cərimə edilib.


