Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 31-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Ağdam klubu 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” 1600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Zirə”nin “A buraxılışı” olmayan nümayəndələri meydançaya daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib. “Zirə” klubu bu oyunda İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə 2000 manat cərimə edilib.
“Səbail” – “Neftçi” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Bayıl klubu 800 manat cərimə edilib.
“Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 400 manat cərimə edilib. Bu oyunda meydançaya kənar əşyaların atılmasına görə “Sumqayıt” klubu 1600 manat cərimə edilib. “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.
Birinci Divizion klubları da cərimələndi
AFFA İntizam Komitəsi Birinci Divizionun 26-cı turunun oyunları ilə də bağlı qərarlarını açıqlayıb:
“Şamaxı-2” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “İmişli” klubu 80 manat cərimə edilib.
“Sumqayıt-2” – “Zaqatala” görüşünün oyunöncəsi iclasında “Zaqatala”nın nümayəndəsinin iştirak etməyib. Buna görə “Zaqatala” klubu 80 manat cərimə edilib. “Sumqayıt”ın qapıçısı Ayxan Qocayev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 20 manat cərimə edilib.
“Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etməyib. Buna görə “Qəbələ” klubu 40 manat cərimə edilib. “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə əyalət klubu 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Qaradağ Lökbatan” klubu da 80 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” görüşündə “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Neftçi” klubu 80 manat cərimə olunub.
“Araz Naxçıvan” – “Mingəçevir” görüşündə PFL-in əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə Naxçıvan klubu 80 manat cərimə edilib.


