Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının və Birinci Divizionun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Azərbaycan Premyer Liqası, 5-ci tur
“Şamaxı” – “Turan Tovuz” oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən “Şamaxı” klubu 800 manat cərimə olunub.
“Sabah” – “Səbail” oyununda “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün bu klub 1600 manat cərimə olunub.
“Kəpəz” – “Qarabağ” oyununda Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşını oyuna gecikdiyi üçün “Kəpəz” klubu 800 manat cərimə olunub. Qəbələ şəhər stadionunda “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə Ağdam klubu 800 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Tural Rzayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 1600 manat cərimə olunub.
Birinci Divizion, 3-cü tur
“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın futbolçusu İlnur Valiev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə 1 oyun cəzalanıb. Onun klubu buna görə 20 manat cərimə olunub.
“Mingəçevir” – “Qarabağ-2” oyunundan sonra azarkeşlər meydançaya daxil olduğuna görə “Mingəçevir” klubu 160 manat cərimə olunub. Bu oyunda AFFA nümayəndəsi, hakim və inspektor üçün stadionda otaq təqdim olunmadığına görə “Mingəçevir” klubu 80 manat cərimə olunub. “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub. “Mingəçevir”in futbolçusu Rüstəm Nuruyev ikinci sarıdan qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda təhlükəsizlik xidmətinin əməkdaşı iclasda iştirak etməyib və oyunun başlanmasına 45 dəqiqə qalmış stadiona gəlib. Buna görə “Qaradağ Lökbatan” klubu 40 manat cərimə olunub.
“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.


