Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqa və Birinci Divizionun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 16-cı tur
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə paytaxt klubu 4000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə Ağdam klubu 800 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda “Sabah”ın oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb. “Sabah” klubu isə buna görə 1600 manat cərimə edilib. “Şamaxı”nın oyunçusu Elçin Mustafayev də ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 1600 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmayıb. “Kəpəz” klubu buna görə 800 manat cərimə edilib. “Sumqayıt”ın oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb. Onun klub bu səbəbdən 200 manat cərimə edilib.
Birinci Divizion, 13-cü tur
“Şamaxı-2” – “Kəpəz-2” oyununa təcili tibbi yardım maşınının gecikməsinə görə “Şamaxı” klubu 160 manat cərimə edilib. Sözügedən klub polis nümayəndəsinin iclasa gecikməsinə görə də AFFA-ya 40 manat cərimə ödəməli olacaq.
“Zaqatala” – “Turan Tovuz-2” oyununda “Zaqatala”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt-2” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.


