Türkiyənin “Alanyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülənt Qorxmaz çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Bülənt Qorxmaz “Alanyaspor”un baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Çağdaş Atanı əvəz edib. O, son olaraq ötən il “Konyaspor”a rəhbərlik edib. 2009/10 mövsümündə “Bakı”nın da baş məşqçisi olan 52 yaşlı məşqçi, “Ərciyəsspor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “İstanbul BB”, “Mersin İdman Yurdu” və “Antalyaspor”a da rəhbərlik edib.
“Alanyaspor” Super Liqada bu mövsüm keçirilmiş 3 turdan sonra 3 xalla 13-cü pillədə qərarlaşıb.