Albert Sambi Lokonqa “Arsenal”ı “Luton Taun”a dəyişdi

Futbol üzrə Belçika yığmasının və “Arsenal”ın mərkəz yarımmüdafiəçisi Albert Sambi Lokonqa “Luton Taun”a keçib.

Arena.az xəbər verir ki, Premyer Liqanın yeni klubu 23 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürüb.

Albert Sambi Lokonqa ötən mövsüm “Kristal Pelas”da da icarədə olub. “Anderlext”in yetirməsi olan futbolçu “Arsenal”a 2021-ci ildə 17,5 milyon avro qarşılığında keçib.

“Luton Taun” daha üç futbolçunu heyətinə qatıb. Sözügedən klub “Bləkbörn”dən qapıçı Tomas Kaminskini, “Stok Siti”dən isə hücumçu Yakob Braunu transfer edib. Lutonlular hər iki oyunçu üçün əvvəlki klublarına 2,9 milyon avro ödəyiblər. “Norviç Siti”nin təcrübəli qapıçısı Tim Krul da bundan sonra “Luton Taun”da forma geyinəcək. Braunun yeni klubu ilə 4 illik müqavilə bağladığı bəlli olsa da, digər iki futbolçunun müqaviləsinin müddəti açıqlanmır.

Niderland yığmasında 15 oyun keçirmiş Tim Krul peşəkar karyerasına “Nyukasl”da başlayıb. 35 yaşlı qolkiper “Falkirk”, “Karlayl Yunayted”, “Ayaks”, “Alkmar” və “Brayton”da da forma geyinib.

Tomas Kaminski 2020-ci ildən “Bləkbörn”də çıxış edirdi. 30 yaşlı qolkiper “Bersxot”, “Leven”, “Anderlext”, “Anortosis”, “Kopenhagen”, “Kortreyk”, “Gent” kimi klublarda da forma geyinib. O, Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yakob Braun isə 2020-ci ildən “Stok Siti”də çıxış edirdi. 25 yaşlı forvard daha öncə “Çesterfild” və “Barnsli”də də forma geyinib. O, Şotlandiya yığmasında da 6 oyun keçirib.

“Luton Taun”da iki ayrılıq da yaşanıb. Hücumameyilli yarımmüdafiəçi Lyuk Frimen (31 yaş) azad agent kimi komandanı tərk edib və karyerasını harada davam etdirəcəyi bilinmir. Şotland yarımmüdafiəçi Allan Kempbell (25 yaş) isə icarə əsasında “Milluol”a keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: