İspaniyanın “Vilyarreal” klubunun sol vingeri Aleks Baena bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi ilə 23 yaşlı cinah oyunçusu arasında 5 illik müqavilə imzalanıb. “Atletiko” bu keçid üçün “Vilyarreal”a 45 milyon avro ödəyib.
Aleks Baena “Vilyarreal”ın öz yetirməsidir. İspan vinger bir müddət “Jirona”da da çıxış edib. Baena “Vilyarreal”ın əsas komandasının heyətində 149 oyun keçirib, 26 qol vurub, 40 məhsuldar ötürmə müəllifi olub.
İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Baena 2023-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasında 10 oyuna 2 qol vurub.
“Transfermarkt” internet-portalı 22 yaşlı vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


