Futbol üzrə İspaniya yığmasının və “Vilyarreal”ın hücumameyilli yarımmüdafiəçisi Aleks Baena gələcəyi haqda danışıb.
Arena.az xəbər verir ki, İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün məhsuldar ötürmələr üzrə ən yaxşı futbolçusu olmuş Baena bunları dilə gətirib:
“Mənim gələcəyim? “Barselona”nın oyun tərzini bəyənirəm. Bu komanda topa sahibdir, həmişə hücum edir – bu cür futbol mənim üçün yaxşıdır. Böyük klubların sizə ehtiyacı olanda əla fürsət əldə edirsiniz. Təklif gəlsə, oturub danışarıq”, deyə Baena bildirib.
Aleks Baena “Vilyarreal”ın öz yetirməsidir. O, La Liqa klubunun əsas komandasında 115 oyuna çıxıb, 19 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Baena 2021/2022 mövsümündə “Jirona”da da çıxış edib. O, sözügedən komandanın heyətində keçirdiyi 45 oyunda 5 qol və 7 assistlə yadda qalıb.
Aleks 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya milli komandasında 3 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 1 qol vurub.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


