Alvaro Morata: “Ötən mövsüm “Roma”dan cəlbedici təklifim vardı”

Madird “Atletiko”sunun hücumçusu Alvaro Morata ötən yay İtaliya A Seriyası klublarından ona olan marağı şərh edib.

Arena.az Moratanın bu barədə məlumatını təqdim edir:

“Keçən yay “Milan”, “Roma” və “İnter”ə keçmək imkanım oldu, bu, doğrudur. “Roma”nın təklifi məni çox şirnikləndirmişdi. Sonda “Atletiko” ilə yeni müqavilə imzalamaq qərarına gəldim. Kluba maliyyə feyr-pleyində kömək etmək üçün müqavilənin mükafat şərtlərini dəyişdirdim”, deyə ispan futbolçu bildirib.

Xatırladaq ki, Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də çıxış edib. Moratanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 20 qol vurub, 3 məhsuldar ötürmə verib.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 69 oyuna 34 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: